MVP logo
    Your browser: , Version
Saturday, 20.04.2024, 8:37 PM
Hello! Guest | Group Guest | RSS
Home | Articles | Profile  | Login
Saytın menyusu

Kateqoriyalar
Mərkəzi Bank [1]
Kredit Təşkilatları [1]

Sorğu
Saytın hansı bölməsini daha çox maraqlı hesab edirsiniz?
Səsvermə sayı: 136

Statistika

Total online: 1
Guests: 1
Users: 0

Müsabiqələr


MALIYYƏ BÖHRANLARININ TƏNZIMLƏNMƏSI MEXANIZMLƏRI VƏ ANTIBÖHRAN TƏDBIRLƏRI
Dünyanın ən böyük iqtisadiyyatının daşınmaz əmlak bazarında baş verən möhtəkirliklə subyekt aspektinin səbəb olduğu maliyyə böhranı ümumdünya səviyyəsi almaqla hələ də dünyanın nəzər nöqtəsindədir. Zamanımızın ən aktual problemi olan qlobal maliyyə böhranı əsasən regional olması ilə səciyyələnən əvvəlki maliyyə böhranlarından özünəməxsus ştrixləri ilə fərqlənsə də, iqtisad elminin metodoloji anlamda irəli sürdüyü müəyyən nəzəri müddəalar onların oxşar tərəflərini ortaya qoyur. Məhz bu baxımdan nəzəri müddəalar həm də maliyyə böhranlarının tənzimlənməsi mexanizlərində bir bənzərlik olduğunu özündə ehtiva edirsə, təcrübə bu istiqamətdə hər hansı standart mexanizlərin olmadığını göstərir. Bununla belə müxtəlif zamanlarda dünya ölkələri tərəfindən tətbiq edilən antiböhran tədbirləri əsas prinsiplərini eyni iqtisadi nəzəri mənbədən götürür.
Bugün bəzi ölkələrdəki devalvasiya dalğasının psixoloji təsiri və BVF –nun maliyyə böhranlarının səbəbi və ya baş verməsinin əsas amillərindən biri kimi ölkədə şəffaflığın yetərli olmamasını göstərməsi məqalədə bu proseslərə yönəlik iki növ antiböhran tədbirindən daha çox bəhs edilməsini şərtləndirir:
 milli valyutanın məzənnəsinin sabit saxlanılması
 milli və beynəlxalq maliyyə sisteminin şəffaflaşdırılması
Maliyyə böhranlarının tənzimləməsi mexanizmlərindən biri Mərkəzi Bankların həyata keçirdiyi, makroiqtisadi sabitliyin qorunmasına yönəlmiş məzənnə siyasətidir. Məzənnə siyasəti, milli valyutanın məzənnəsinin sabit saxlanmasını ölkənin tədiyyə balansının tarazlığı şərtləndirdiyi hallarda səmərəli olur. Belə ki, ölkənin tədiyyə balansında kifayət qədər profisitin formalaşması milli valyutanın məzənnəsinin sabitliyi üçün çox önəmli amildir.
Milli valyutanın məzənnəsinin sabit saxlanılması ölkədə inflyasiyanın səviyyəsinin yüksəlməməsini təmin edir, daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin kəskin bahalaşmasının qarşısını alır.
Valyuta bazarlarında sabitliyə istiqamətlənmiş təkliflərin əsas məqsədi maliyyə əməliyyatları sahəsində spekulyativ ünsürlərin azaldılması və ya maliyyə əməliyyatlarının real iqtisadi təsirlərinin minimuma endirilməsi zəruriliyidir. Valyuta bazarlarında sabitliyin təmin edilməsi üçün dörd əsas yanaşma mövcuddur:
 Tobin vergisi
 hədəf bölgə
 məzənnənin sabitləşməsi
 Pul Şurasının yaradılması
Valyuta bazarında sabitliyin təmin edilməsi üçün ən çox müraciət edilən üsullardan biri bu növ əməliyyatların vergiyə cəlb olunmasıdır. Ceyms Tobin tərəfindən irəli sürülən bu üsul Tobin vergisi adlandırılır. Tobin vergisi üsuluna görə beynəlxalq sərmayə hərəkətlərinin yaradacağı qeyri-sabitliklər qısamüddətli sərmayə axınlarına tətbiq olunan vergi dərəcələri ilə aradan qaldırıla bilər. Bu verginin ən əhəmiyyətli xüsusiyyəti valyuta əməliyyatlarını vergiyə cəlb etməklə xərcləri artıraraq spekulyativ məqsədli əməliyyatların qarşısının alınmasıdır. Bu halda qısamüddətli spekulyativ əməliyyatlar azaldığından valyuta məzənnələrinin sabitliyi təmin edilir. Tobin vergisinin tətbiqi sərmayə hərəkətlərinə əngəl olduğundan bəzən iqtisadçılar tərəfindən tənqid olunur.
Valyuta bazarında sabitliyin təmin edilməsi üçün seçilən digər siyasət hədəf bölgə (Target zone) sistemidir. Bu sistemin tətbiqində məqsəd beynəlxalq koordinasiyaya getməklə real olmayan məzənnə dəyişikliklərinin qarşısını almaqdır.
Məzənnələrin sabitləşdirilməsi və ya məzənnə limitlərinin təyin olunması siyasəti inkişaf və siyasətlərin mütəmadi olaraq uyğunlaşmasını, o cümlədən milli siyasətlərin əhəmiyyətli bir hissəsinin beynəlxalq qərarlara tabe olmasını diktə edir.
Həm məzənnə dalğalanmasının, həm də sərmayə hərəkətinin mənfi nəticələrinin aradan qaldırılmasının yollarından biri də ölkədə Pul Şurasının yaradılmasıdır. Pul Şurası pul və məzənnə siyasəti orientirlərinin müəyyən edilməsi və həyata keçirilməsi, habelə maliyyə sabitliyinin qorunması məqsədilə yaradılan məşvərətçi orqan olub pul siyasəti alətlərinin parametrlərinin dəyişdirilməsinə, habelə məzənnə siyasətinə dair Mərkəzi Banka tövsiyyələr verir.
Bütün bunlara rəğmən qeyd etmək lazımdır ki, maliyyə böhranlarının tənzimlənmməsinin əsas alətlərindən biri məzənnənin möhkəmləndirilməsidir və bu üsulun uğurla tətbiq olunması hökumətə dvidendlər gətirə bilər.
Fəqət məzənnə siyasətinin mənfi nəticələri də ola bilər ki, bu zaman da bir böhrandan xilas olma tədbirləri yeni bir böhrana səbəb ola bilər. Belə ki, Mərkəzi Bank sabit valyuta siyasəti yürütməklə bazarın süni təsirlərə məruz qalmasını diktə edir. Halbuki, ölkədə bu siyasətin tətbiqi Mərkəzi Bankın üzərinə düşən riski artırır. Bu isə xarici valyutanın məzənnəsinin ucuzlaşmasına, milli pul vahidinin isə bahalaşmasına səbəb olur ki, bununla da, ölkədə ixrac stimullaşdırma yönlü olmur, zaman keçdikcə həcmi aşağı düşür və nəticə etibarilə tədiyyə balansında cari əməliyyatlar defisiti yaranır. Bundan əlavə milli valyutanın məzənnəsinin sabit saxlanılması ölkənin xarici ticarət şəraitinin əlverişli olmasını şərtləndirməklə bir tərəfdən idxal qiymətlərinin aşağı düşməsinə səbəb olursa, digər tərəfdən milli məhsulların daxili bazarda xarici adekvatları ilə çiyin-çiyinə durması imkanını zəiflədir. Bu məqamda idxal qiymətlərinin, başqa sözlə idxal inflyasiyasının aşağı salınmasının ölkənin əmək bazarında gərginlik yarada biləcəyini də unutmaq olmaz. Bu zaman əmək bazarında yaranmış gərginliyi digər antiböhran tədbirlərinə getməklə, yəni iş yerlərini itirmiş əhali təbəqəsinə istiqamətlənən adaptasiya proqramlarını tətbiq etməklə, biznes həlqələri ilə iş yerlərinin saxlanılması haqqında saziş bağlamaqla aradan qaldırmaq lazım gəlir. Nəzərə alsaq ki, işsizlik və inflyasiya məcmuu tələb amilləri olaraq makroiqtisadiyyatda "qapalı dairə” yaradırlar, yəni inflyasiyanın aşağı salınmasına yönəlik addımlar işsizliyin artmasını diktə edir və əksinə, o zaman antiböhran tədbirlərinin tələbin və iqtisadi artımın stimullaşdırılması kimi digər mexanizmlərini də işə salmaqla maliyyə böhranının sonrakı inkişaf mərhələlərində sosial-psixoloji böhrana çevrilməməsini təmin etmək, "böhran böhran gətirər” təbirinin doğulmamış ölməsinə nail olmaq labüddür.
Yuxarıda qeyd etdiyimiz kimi, Mərkəzi Bank sabit valyuta siyasəti yürütməklə ölkənin tədiyyə balansının cari əməliyyatlar hesabında defisit yarada bilər ki, bu kəsiri bağlamaq üçün tətbiq olunan antiböhran tədbirlərindən - tənzimləmə mexanizmlərindən biri də ölkənin pul-kredit siyasətində dəyişiklik etməklə devalvasiyaya getməsidir. Nəzərə alsaq ki, milli pul vahidinin devalvasiya olunması ixracı stimullaşdırmaqla yanaşı, yerli istehsalçıların daxili bazarda xarici mallara qarşı rəqabətqabiliyyətliliyinin artmasına səbəb olur, o zaman devalvasiya təzyiqi ilə üzləşmiş ölkənin bu addımı vaxtında atması lazımdır. Çünki ölkənin bu durumunda devalvasiya bugün olmasa da, sabah qaçılmazdır. Yerli istehsalçıların daxili bazarda xarici mallara qarşı rəqabətqabiliyyətliliyinin artması, eyni zamanda milli iş adamlarının təşviqi üçün tətbiq olunan digər tənzimləyici mexanizm ölkədə real sektorun dəstəklənməsi fonunda vergi dərəcələrinin aşağı salınması, kiçik və orta biznesə maliyyə dəstəyinin göstərilməsi, müxtəlif sektorlara stimullaşdırıcı paketin təklif olunmasıdır.
Bütün qeyd edilənlərdən əlavə, milli valyutanın məzənnəsinin sabit saxlanılması ölkədə inflyasiyanın səviyyəsinin yüksəlməməsini şərtləndirməklə, bəzən deflyasiyaya da yol aça bilər ki, bu da digər bir antiböhran tədbirinin – deflyasiyaya qarşı mübarizənin başlanmasını zəruri edər.
Sabit valyuta siyasəti tətbiq edən ölkə cari əməliyyatlar üzrə kəsrini bağlamaq üçün bəzən xaricdən borclanmağa başlayır və bu borclar da, öz növbəsində, ölkəyə qısamüddətli sərmayə axını şəklində daxil olur. Bununla da, ölkədə fəaliyyət göstərən bankların açıq valyuta mövqeyində birbaşa və dolayı vasitələrlə problemlər yaranmağa başlayır. Açıq valyuta mövqeyi – müvəkkil bankların ayrı-ayrı xarici valyutalarda tələblərinin və öhdəliklərinin (o cümlədən, hesablaşmaları tamamlanmamış əməliyyatlar üzrə balansdankənar tələblərin və öhdəliklərin) məbləğləri arasında, mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində itkilər riski yaradan fərqdir. Açıq valyuta mövqeyinin pisləşməsindən ehtiyatlanan banklar risklərini minimumlaşdırmaq üçün xarici valyutada olan öhdəliklərinin müqabilində kreditlərini xarici valyutada yerləşdirirlər ki, bunun da nəticəsində kredit götürənlər yüklənirlər. Beləliklə də, devalvasiya təzyiqi, kredit müddətlərinin qısa olması, şirkətlərin istənilən şərtlər daxilində borclarını yeniləmə ehtiyaclarının yaranması və bunun nəticəsində birjada səhmlərin dəyərinin aşağı düşməsi faizlərin yüksəlməsinə, şirkətlərin maliyyə vəziyyətinin pisləşməsinə və bankların kredit vermə istəklərinin sıfra enməsinə səbəb olur. İqtisadiyyatda hökm sürən bu vəziyyət kredit portfelində keyfiyyətsiz kreditlərin, xüsusilə də ümidsiz kreditlərin artımını, bununla da, bankların müflisləşməsini sürətləndirir.
Göründüyü kimi, sabit valyuta siyasəti tətbiq edən ölkədə tədiyyə balansının cari əməliyyatlar hesabında yaranmış kəsiri bağlamaq üçün xarici borclanma baş verirsə, bu bir bank böhranına səbəb olmaqla vəziyyəti daha da mürəkkəbləşdirir. Bu zaman ən kiçik amilin belə dəyişmə variasiyasını nəzərə almaqla gerçəkliyə adekvat olan bank sisteminin restrukturizasiyası və ya rekapitalizasiyası, faiz dərəcəsinin aşağı salınması, ölkənin əmanət sığorta sisteminin təkmilləşdirilməsi kimi antiböhran modellərindən ölkə üçün prioritet olanı tətbiq olunmalıdır.
Bütün bunları nəzərə alaraq "böhran prosesinin paradoksu” olan sabit valyuta siyasətinin bir antiböhran tədbiri kimi tətbiq olunmasına həssaslıqla yanaşılmalıdır. Əks halda, dövlətin bazar iqtisadiyyatını tənzimləməsi əvəzinə bu iqtisadiyyata edilən yersiz müdaxilələri maliyyə böhranlarının daha da dərinləşməsinə səbəb olar.
Yuxarıda da qeyd etdiyimiz kimi BVF maliyyə böhranlarının səbəbi və ya baş verməsinin əsas amillərindən biri kimi ölkədə şəffaflığın yetərli olmamasını göstərir. Məhz bu baxımdan, maliyyə böhranlarının qarşısının alınması tədbirlərindən biri də ölkədə şəffaflığın təmin olunmasıdır. Yeni qlobal maliyyə sisteminin formalaşmasında həm bazarların, həm də milli və beynəlxalq təşkilatların fəaliyyətlərinin şəffaflaşdırması daha çox əhəmiyyət kəsb edir. Şəffaflıq maraqlı tərəflərə sui‐istifadə hallarının aşkarlanması və öz maraqlarının müdafiəsi üçün həlledici əhəmiyyət kəsb edə biləcək məlumatları əldə etməyə imkan verir. Ölkədə şəffaflığın təmin olunması isə maliyyə-uçot sistemində Beynəlxalq Mühasibat Uçotu Standartlarının, Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tətbiqi, iqtisadi və sosial sahədə maliyyə nəzarəti, investisiyaların təşviqi, audit prosesində şəffaflığın artırılması, lisenziyaların verilməsi, vergi, gömrük və məcburi dövlət sosial sığortası sahəsində islahatların aparılması, antikorrupsiya mədəniyyətinin formalaşması ilə mümkündür. Şəffaflıq sistemləri dövlət qərarlarının qəbulu üçün aydın prosedurlar, habelə maraqlı tərəflər və rəsmilər arasında ünsiyyətin qurulması üçün açıq kanallar nəzərdə tutur, eləcə də geniş çeşidli məlumatları istifadəyə açıq edir. Bu da onu göstərir ki, şəffaflığın artması maliyyə böhranları zamanı düzgün qərarlar verilməsinə xidmət edir, eyni zamanda maliyyə böhranlarının təkrarlanma nisbətini xeyli azaldır.
Beləliklə də, gündəmin ən aktual mövzusu olan qlobal maliyyə böhranı özündən əvvəlkilərdən bəzi cəhətləri ilə fərqləndiyindən onun aradan qaldırılması istiqamətində həyata keçirilən antiböhran tədbirləri də bu sahədə yeni paradiqmanın formalaşdırılmasını zəruri edir.
Category: Mərkəzi Bank | Added by: Bankir (03.03.2011) | Author: İİETİ aspirantı Cahangirli Z.N.
Views: 1530 | Rating: 0.0/0
Total comments: 0
Register to add comments
[ Register | Login ]
Login

Search

Useful Sites
  • www.planetaexcel.ru
  • www.programmersforum.ru
  • www.mrexcel.com
  • www.excelworld.ru
  • www.cyberforum.ru
  • www.excelvba.ru
  • www.muhasib.az

  • Visitors
    free counters


    MyExcelWorld © 2024
    Site managed by uCoz